AZ   |   EN

Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri

Zorxana idman növü çox rəngarəngdir və digər növlərə bənzəmir. Zor - “güc”, xana isə - “məkan” mənasını verir. Bu növün tarixi çox qədimlərə gedib çıxır. Əvvəl-əvvəl zorxanalar döyüşçü və pəhləvanların fiziki hazırlıq hərəkətlərini icra etdikləri məkan olub.

Tarixi faktlara əsasən, zorxana 700 il öncə (hicri-şəmsi VII əsr) Puryayi Vəli (Məhmud ibn Vəliyuddin) tərəfindən yenidən sistemləşdirilib. Zorxananın daha qədim tarixə malik olması da qeyd edilmişdir.

Zorxananın damı gümbəz, döşəməsi isə yer səthindən aşağı olur. Qapısı alçaq olduğundan oradan içəri girmək istəyən şəxs mütləq əyilməlidir. Qapıdan əyilərək keçmək idmançılara təvazökarlıq aşılayır.

Qapı "sərdəm"ə gedən dar və alçaq keçidə açılır. Sərdəm bir, bir metr yarım hündürlüyündə taxtadan qurulmuş taxtdır. Gözəl səsli mürşid sərdəm üzərində oturub idman oyununa xas olan musiqi və cəngi şerlərlə idmançıları təşviq edir. Zorxana ortasında uzunu 4 və ya 5, eni 4, dərinliyi 1 metr olan səkkiz və ya altı güşəli yerdən aşağı meydan olur.

Zorxana idman növünə daxil olan oyunlar kompleks oyun silsiləsindən ("sinə oyunu" və ya "qılıncsındırma", "mil oyunu", "yekba", "səngi-daşqaldırma", "kəbbadə" və ya "kəmanə", "yepka" və ya "ayaqdöymə", "çərxi", yaxud "təndövrə", "zəncirqırma", "güləş" və ya "qurşaqtutma") ibarət idi və biri digərinin ardınca icra edilirdi. Meydanda pəhləvanların güc sınamaq, güşt tutmaq, daş oynatmaq, kərən sındırmaq, buğa boynu əymək, ağırlıq qaldırmaq, ağırlıq dartmaq və s. oyunlarına rəğbət var idi. 

Sinə oyununda pəhləvanlar iki əllərinin üzərinə qalxar, yerdən bir qarış yuxarı olmaqla "yeriyər", əvvəl sağa, sonra sola gedər, sonra isə aşağı enərdilər, yerə yaxınlaşaraq dərhal təkrar yuxarı qalxardılar. Oyunçuların sinələri yerə dəyməməli idi. Bu oyunda daha böyük şücaət isə pəhləvanın belinə uşaq və ya daş alaraq hərəkətləri icra etməsi idi. Sinə oyunu güləşdə vacib rol oynayan elastikliyin artırılması məqsədi ilə icra edilir. 

Mil oyunu bədəni boşaldıcı hərəkətlərdən ibarətdir, yuxarı ətraf əzələlərinin inkişafı və güc dözümlülüyünü təmin edir. Mil oyununda ağırlığından asılı olmayaraq 30 şəkildə mil oynadılır. 

Yekba oyununda isə pəhləvan oyunçu hər əlində əvvəlcə pudluq, sonra qoşa-qoşa pudluq daşlar qaldırırdı. Sonra həmin daşları atıb-tutmaqla tamaşa göstərir, sinəsini, çiynini, kürəyini havaya atdığı daşların qabağına verərək onları itələyir, kənara atırdı. Yekba oyununun ən maraqlı yeri isə pudluq daşları dişlə oynatmaq idi. Yekba oyununda daşoynatmanı daha maraqlı hala gətirmək üçün əlüstü gəzərək də oyun icra edilə bilərdi. 

"Kəbbadə" oyununda idmançılar kəbbadədən istifadə edirlər. Alətin "kaman" adlandırılan hissəsi sol əldə, "zeh" adlanan hissəsi sağ əldə olmaqla idmançının başından keçirilir. Kəbbadə başın üstünə qaldırılmaqla idmançı dövrə vurur, yavaş-yavaş belə qədər endirir və əlindən buraxaraq onu belində fırladır. Mil oyunu ilə oxşar bir şəkildə kəbbadədə də nağaranın yavaş, daha sonra sürətli vurulması ilə oyun icra edilir. 

"Ayaqdöymə" oyunu idmançıların istirahət etməsi məqsədi ilə keçirilir. Oyunçular və miyandar sanki qaçırlarmış kimi hərəkət edirlər və onların ayaq hərəkətlərinə uyğun olaraq hava çalınır. Pəhləvanların icra etdiyi əlüstəgəzmə tamaşasına müəyyən əşyaları yerdən dişlə götürmək, onu başqa yerə aparıb qoymaq, əl üstündə yüyürmək və s. nömrələr daxildir. 

"Çərxi" ("Təndövrə") oyununda müxtəlif akrobatik hərəkətlər (çarx vurmaq) icra edildikdən sonra isə "Qaytağı", "Mirzəyi", "Koroğlu" rəqsləri sədasında sürətli addımlarla hərəkətlər edilir. Zorxanada son olaraq güləş oyunu keçirilir. Bu zaman müxtəlif templi cəngilər ("Koroğlu qaytarması", "Misri", "Koroğlunun bağırı", "Pəhləvanı") ifa edilir. 

Pəhləvanların toplaşıb məşq etdiyi və bir-biri ilə yarışdığı yer elə döyüş sənətinin adına uyğun olaraq zorxana adlanırdı. Azərbaycandakı qədim zorxanalar Bakıdakı XV əsr İçərişəhər zorxanası və Ordubaddakı XVII əsr Qeysəriyyə abidəsidir. 

XIX əsrdən etibarən Gəncə, Şuşa, Şəki, Naxçıvan, Şirvan şəhərlərində zorxanalar tikilmişdir.  Şəki-Zaqatala və Bərdə bölgəsində zorxana xalq toy mərasiminin bir parçası idi. Müəyyən bir ssenari və ardıcıllıq ilə qurulmuş zorxana nömrələri rəqs formasında, musiqi və mahnılar ilə təqdim edilirdi. 

Zorxanada zurnaçı dəstəsi "Cəngi" çalardılar. Xalq mərasimlərinin, meydan tamaşalarının tərkib hissəsi kimi bu gün də öz formasını qoruyub saxlayan güc sınamaq, güşt tutmaq, daş oynatmaq, kərən sındırmaq, buğa boynu əymək, kəndirbazlıq etmək yalnız oğuz-türk xalqlarının deyil, həm də bütün dünya xalqlarının dinamik-dramatik oyunları olub, tamaşaçıların zövqünü oxşayıb. Zorxana, pəhləvanlıq xalq tamaşaları Bahar-Novruz mərasimlərindən sonrakı inkişaf mərhələlərində ayrıca tamaşa növünə, peşəyə çevrilib. Azərbaycan ruhunun ifadəsi kimi zəngin folklor nümunələrində belə pəhləvan obrazı son dərəcə bənzərsiz, bitib-tükənməyən güc rəmzi kimi təqdim edilir. Pəhləvan obrazının xalq ruhunda yenilməz, məğlubedilməz şəkildə təqdim edilməsi adi səciyyə daşımayıb. Pəhləvan xalq ruhundan doğan real bir obraz idi.

Azərbaycan Tarix Muzeyində zorxanada istifadə olunan idman alətləri (zorxana şilləri, toppuzlar, yekbargirlər), canbaz geyimləri (pəhləvan güləşçilərin şalvarları və s.) saxlanılır. Muzeydə qorunan alətlər əsasən XVII əsr zorxanasına aid edilir. 

Bolşevik inqilabı zamanı Azərbaycanda repressiyaya məruz qalan ənənələrdən biri də Zorxana olub. Şəhərin, məhəllənin nüfuzlu insanlarının toplandığı Zorxananın dini mahiyyətini dəyişə bilməyən bolşeviklər bu misilsiz sənətə son qoyub, zorxanalar qadağan edilib.

Milli idman növlərinə zorxana, pəhləvan güləşi, dirədöymə, çalağan çardağı, çarpapaq, çovqan, dədəboyu, nərd və s. idman oyunları daxildir. Qədim tarixə malik bu idman növlərinin əksəriyyəti artıq beynəlxalq status qazanıb. Belə ki, hazırda zorxana üzrə dünya çempionatları keçirilir. 

Sovet dönəmində o qədər də məşhur olmayan milli idman növləri müstəqillik qazandıqdan sonra sürətlə inkişaf etməyə başlamışdır. 1990-cı ildə Milli İdman Növləri Assosiasiyası yaradılmışdır. Assosiasiya 6 milli idman növünü (milli güləş, atüstü milli idman oyunları, nərd, mütəhərrik oyunlar, zorxana və serim güləşi) təmsil edir.

Böyüməkdə olan gənc nəslin fiziki hazırlığını təmin etmək, onların əməyə və ölkənin müdafiəsinə hazır olmaları naminə təhsil nazirliyi qarşısında Milli güləş idmanın ümumtəhsil məktəblərinin bədən tərbiyəsi proqramına saldırılmasına 1992-ci ildə və 2009/10–cu tədris ilindən etibarən Zorxana və pəhləvan güləş idman  növünün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fənn kimi tədris olunmasına nail olub.

Azərbaycan milli idman növü olan zorxana və pəhləvan güləşi 2007-ci ildən Beynəlxalq Zorxana İdman Federasiyalarının (BZİF) üzvüdür. BZİF üzvülüyünə 52 dövlət daxildir. Beynəlxalq Zorxana İdman Federasiyası tərəfindən keçirilən bütün çempionatlarda Azərbaycanın milli yığma komandası iştirak edir.

2007-ci ildə Avropa çempionatında pəhləvan güləşi üzrə Azad Cəfərov, kəbbadə üzrə Afis Namazov 1-ci yer tutublar. 2008-ci ildə Koreya Respublikasının Bussan şəhərində Avropa Zorxana İdmanı Konfederasiyasının  hesabat seçki konfransında Xanlar Qurbanov Federasiyanın vitse-prezidenti və texniki komitəsinin sədri seçilmişdir.

2009-cu ildə  Zorxana və pəhləvan güləşi üzrə keçirilən I Dünya kuboku yarışında ağır çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülməsi ilə əlaqədar Beynəlxalq Zorxana İdman Federasiyası (BZİF) tərəfindən  Vüqar Qurbanov “Cahan pəhləvanı” (dünya pəhləvanı) adına  layiq görülmüş və “Qızıl bazubənd”lə təltif edilmişdir.

2010-cu ildə ilin ən yaxşı federasiyası Azərbaycan Zorxana İdman Federasiyası, ən yaxşı pəhləvanları isə Vüsal Cavadov və Tural Əliyev seçilmişlər.

Bütün bu nailiyyətləri nəzərə alaraq, dövlətimizin səyi nəticəsində 2022-ci il noyabrın 28-dən dekabrın 3-dək Mərakeş Krallığının Rabat şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında ölkəmiz üçün xüsusilə əlamətdar qərarlar qəbul olunub. UNESCO Hökumətlərarası Komitəsinin dekabrın 1-də keçirilmiş sessiyasında Azərbaycanın təqdim etdiyi “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” nominasiya faylı UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.