AZ   |   EN

2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi”nə Dəyişiklik haqqında Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi”nə Dəyişiklik haqqında 2020-ci il yanvarın 28-də Paris şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatına bildiriş göndərsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 mart 2020-ci il.

 

2013-cü il iyulun 18-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi”nə Dəyişiklik haqqında

PROTOKOL

Tərəflərin, Çərçivə Sazişini 2019-cu il 21 iyun və 2019-cu il 16 iyul tarixli notaların mübadiləsi vasitəsilə 2023-cü il 24 sentyabr tarixinədək uzatmağı qərarlaşdırdıqlarını nəzərə alaraq,

UNESCO-da siyasət dəyişikliklərini və Hökumətin UNESCO-ya 5 milyon ABŞ dolları köçürməklə Saziş üzrə maliyyə öhdəliklərini yerinə yetirməsi faktlarını və Rəhbər Komitənin 2016-cı il 11 mart tarixli birinci iclasında onun əməliyyat prosedurlarının qəbul edildiyini nəzərə alaraq,

Tərəflər Çərçivə Sazişinin aşağıdakı maddələrini aşağıdakı kimi dəyişdirmək barədə razılığa gəlirlər:

M a d d ə 2

Bənd 1

Bu Sazişin həyata keçirilməsi üçün müəyyən edilmiş cavabdeh qurum Hökumət adından Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və UNESCO adından UNESCO-nun Baş direktorudur. Çərçivə Sazişinin həyata keçirilməsi üçün Strateji Planlaşdırma Bürosu UNESCO daxilində əlaqələndirmə mərkəzi və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi isə Hökumət daxilində əlaqələndirmə mərkəzi kimi səlahiyyətləndirilir.

M a d d ə 3

Bənd 1

Hökumət aşağıdakı 4-cü bənddə qeyd olunduğu kimi, UNESCO-nun ABŞ dolları hesabına üç tranşla 5.000.000 (beş milyon) ABŞ dolları məbləğində vəsaiti köçürmüşdür.

UNESCO-nun ABŞ dolları hesabı aşağıdakı kimi dəyişmişdir:

Hesab sahibi:    UNESCO
Bank:    Citibank, N.A.
Filial:    940 - NyuYork
Ünvan:    111 Wail Street,
Nyu York,
NY, 10043 ABŞ
Hesab n°
SWIFT:    36378785
CITIUS33
ABA:    021000089

Ödəmə üçün istinad “Azərbaycan/UNESCO Etimad Fondu” - bank transferlərində aydın göstərilməlidir.

M a d d ə 3

Bənd 3

Fond Ümumi Fond və etimad əsaslı fərdi layihə hesablarından ibarət olacaq şəkildə qurulacaq və Fond çərçivəsində həyata keçiriləcək layihələr Hökumət tərəfindən təsdiq ediləcək. Hökumət həmçinin UNESCO-nun çoxdonorlu xüsusi hesablar vasitəsilə maliyyələşdirilən proqramlarına, habelə əlavə vəsait modallığı çərçivəsində töhfələr verə bilər və Gənc Peşəkarları maliyyələşdirə bilər.

M a d d ə 3

Bənd 4

Hökumət UNESCO-nun hesabına vəsaitləri üç tranşla aşağıda qeyd olunduğu kimi köçürdü:

•    birinci tranş - Sazişin qüvvəyə minməsindən sonrakı bir ay ərzində 2,000000 ABŞ dolları (iki milyon ABŞ dolları) məbləğində;
 
•    ikinci tranş - birinci tranşın köçürülməsindən bir il sonra 1,500,000 ABŞ dolları (bir milyon beş yüz min ABŞ dolları) məbləğində; və,

•    üçüncü tranş - ikinci tranşın köçürülməsindən bir il sonra 1,500,000 ABŞ dolları (bir milyon beş yüz min ABŞ dolları) məbləğində.

M a d d ə 4

1.    Tərəflər, Sazişin effektiv və səmərəli həyata keçirilməsini asanlaşdırmaq məqsədilə Azərbaycan - UNESCO Rəhbər Komitəsini (bundan sonra “Rəhbər Komitə” adlandırılacaq) yaradırlar. Rəhbər Komitə ildə bir dəfə toplanır. Zəruri olduqda, Tərəflərin razılığı ilə Rəhbər Komitənin iclasının əvəzinə, sənədlər UNESCO-nun Strateji Planlaşdırma Bürosu (SPB) və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi arasında mübadilə edilə bilər və Rəhbər Komitənin qərarı hər bir Tərəf tərəfindən yazılı şəkildə təsdiqlənə bilər. Rəhbər Komitənin iclaslarının təşkili ilə bağlı bütün xərclər Fond tərəfindən ödəniləcəkdir.

2.    Rəhbər Komitə aşağıdakılara cavabdehdir:

a.    Fond tərəfindən maliyyələşdirilə bilən və rəsmi təsdiq olunması üçün Hökumətə təqdim edilən layihə və proqramların seçimini, eləcə də onların həyata keçiriləcəyi coğrafi əhatə dairəsinin məsləhət görülməsi;

b.    bu Sazişin əhatə dairəsi daxilində həyata keçiriləcək birgə layihələrin İllik İş Planının təsdiq edilməsi. İllik İş Planı Tərəflərin birgə layihələrə maliyyə və maddi töhfələrini dəqiq əks etdirəcəkdir;

c.    birgə layihələrin monitorinqinin həyata keçirilməsi; və,

d.    bu Sazişin icrasının ümumi nəzərdən keçirilməsi.

3.    Rəhbər Komitə aşağıdakılardan təşkil olunur:

a.    UNESCO-dan ən azı üç nümayəndə, o cümlədən SPB-dən bir nümayəndə;

b.    Hökumətdən ən azı üç nümayəndə, o cümlədən Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyindən bir nümayəndə.

4.    Rəhbər Komitə Rəhbər Komitə tərəfindən qəbul edilmiş əməliyyat prosedurlarını tətbiq edəcək.

M a d d ə 5

1.    UNESCO nəzərdən keçirilməsi üçün Azərbaycan - UNESCO Rəhbər Komitəsinə təkliflər verəcək və Rəhbər Komitə Fond tərəfindən maliyyələşdirilə bilən layihələrin və proqram və tədbirlərə töhfələrin seçiminə, həmçinin onların həyata keçiriləcəyi coğrafi əhatə dairəsinə dair məsləhət verəcək. Təkliflər Hökumətin rəsmi təsdiqi üçün təqdim edilir. Təkliflər UNESCO-nun qəbul olunmuş Proqram və Büdcəsinə (C/5) uyğunlaşdırılır.

2.    Töhfələr aşağıdakı modallıqlardan biri çərçivəsində idarə oluna bilər:

•    etimad əsaslı vəsaitlər;

•    çoxdonorlu xüsusi hesablar;

•    büdcəyə əlavə ödənişlər;

•    Azərbaycan Gənc Peşəkarlar Proqramına töhfələr (GMP)

3. Yuxanda qeyd olunan modallıqlardan biri çərçivəsindəki töhfələr UNESCO-nun standart nümunələri əsasında bağlanılan müqavilələr vasitəsilə rəsmiləşdiriləcəkdir. Hər bir modallığa tətbiq olunacaq idarəetmə tarifi UNESCO-nun xərclərin bərpası siyasətinə uyğun olacaqdır.

4. UNESCO hər təqvim ilinin sonunda Hökumətə etimad əsaslı fərdi vəsaitlərin layihə hesabları, eləcə də Ümumi Fond haqqında maliyyə hesabatı təqdim edə¬cəkdir. UNESCO həmçinin Hökumətə Fond vasitəsilə həyata keçirilən etimad əsaslı fərdi vəsait layihələrinə dair izahlı illik tərəqqi hesabatları təqdim edəcək.

Hesabın maliyyə nizamnamələrinə uyğun olaraq cavabdeh proqram sektoru tərəfindən həyata keçiriləcəkdir.

5. Fond çərçivəsində maliyyələşdirilən etimad əsaslı vəsait layihəsi dayandırıldıqdan sonra UNESCO Hökumətə yekun maliyyə hesabatı təqdim edəcəkdir. Dayandırılmış bu layihə ilə əlaqədar xərclənməmiş hər hansı vəsait, Hökumətlə başqa cür razılaşdırılmadığı təqdirdə, Fonda geri qaytarılacaqdır. UNESCO, həmçinin Hökumətə fəaliyyət barədə izahlı yekun hesabatı, o cümlədən özünün həyata keçirdiyi işlər və nəticələr haqqında qiymətləndirməni təqdim edəcəkdir.

6. Hökumət tərəfindən ayrılan vəsaitlər UNESCO-nun tənzimləmələrinə və qaydalarına uyğun olaraq istifadə olunur və yalnız UNESCO-nun tənzimləmələri, qaydaları və direktivlərində nəzərdə tutulan daxili və xarici audit prosedurlarına tabedir.

7. UNESCO-nun qiymətləndirmə siyasəti və təlimatlarına uyğun olaraq, layihə qiymətləndirmələrinin başladılması, təşkili və izlənilməsinə görə UNESCO məsuliyyət daşıyır. 3-cü maddənin 3-cü bəndində göstərildiyi kimi, Hökumət tərəfindən Fonda təmin olunan ümumi maliyyə vəsaitinin 1 faizi (1%) ayrı-ayrı layihələrin qiymətləndirilməsi və Fond çərçivəsində ümumi əməkdaşlıq üçün ayrılmışdır. Qiymətləndirmə üçün ayrılmış vəsaitlər bundan sonra “Qiymətləndirmə üçün Ümumi Ehtiyat” adlandırılacaq, Fond çərçivəsində yaradılmış ayrıca mühasibat hesabında yığışacaqdır. UNESCO Hökumətə illik əsasda qiymətləndirmə planını, o cümlədən xarici qiymətləndirmə təklif olunan layihələrin siyahısını, hər bir layihənin qiymətləndirilməsi üçün tələb olunan büdcə smetasını və bununla bağlı müddəti təqdim edir. Hökumət tərəfindən təsdiq edildikdən sonra UNESCO təsdiq edilmiş qiymətləndirmə xərclərinin ödənilməsi məqsədilə vəsaitləri “Qiymətləndirmə üçün Ümumi Ehtiyat”a cəlb edir.

7-ci maddənin 3-cü və 4-cü bəndləri

3. Tərəflərdən hər biri bu Sazişi, onu ləğv etmək niyyəti barədə digər Tərəfə ən azı 3 (üç) ay əvvəlcədən diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə, istənilən vaxt ləğv edə bilər. Yuxarıdakı 5-ci maddənin 7-ci bəndində qeyd olunan qiymətləndirməyə uyğun olaraq, bu Saziş Tərəflərin yazılı razılığı ilə 5 (beş) il müddətinə uzadıla bilər.

4. Tərəflər bu maddənin 3-cü bəndində göstərilən prosedura uyğun olaraq, bu Sazişi ləğv etmək üçün razılaşmadıqları təqdirdə, bu Saziş 2023-cü il 24 sentyabr tarixinədək qüvvədə qalır.

Yekun müddəalar

Bu Dəyişikliklər haqqında Protokol Çərçivə Sazişinin ayrılmaz tərkib hissəsini təşkil edir və 7-ci maddənin 4-cü bəndinə uyğun olaraq qüvvədə qalır.

Çərçivə Sazişinin digər maddələri olduğu kimi qalır.

Bu Protokol imzalandığı tarixdən müvəqqəti tətbiq olunur və bu Protokolun qüvvəyə minməsi üçün zəruri olan Azərbaycan Respublikasının dövlətdaxili prosedurlarının tamamlanmasının təsdiqi barədə yazılı bildirişin UNESCO tərəfindən diplomatik kanallar vasitəsilə alındığı tarixdə qüvvəyə minir.

28 yanvar 2020-ci il tarixində Paris şəhərində, hər biri Azərbaycan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Protokolun müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.

Azərbaycan Respublikası                                                                               UNESCO
Hökuməti adından (imza)                                                                         adından (imza)

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.