AZ   |   EN

Gilgilçay səddi

Gilgilçay səddi Dərbənd keçidində tikilmiş “Uzun divarlar” adlanan müdafiə istehkamlarından ən əhəmiyyətlisidir. Erkən feodalizm dövründə məlumdur ki, Qafqaz Albaniyasında köçərilərin hücumlarının qarşısını almaq üçün müdafiə sədləri tikilirdi. Həmin sədlərdən ən möhtəşəmi Gilgilçay müdafiə istehkamıdır. Bu müdafiə istehkamı haqqında ilk məlumat verən ərəb tarixçisi Əl-Bəlazuri (IX əsr) “Kitab Fütuh Əl-Buldən” - (“Ölkələrin fəthi” kitabı) adlı əsərində yazır ki, Sasani şahı Firuzun oğlu Qubad özü də onlara qoşuldu və Şirvanla Arran vilayətlərinin qapısı arasında çiy kərpicdən sədd tikdirdi. 

A. Bakıxanov “Gülüstani-İrəm” kitabında qeyd edir ki, bu sədd “dənizdən başlayıb... Əlixanlı-ehtimala görə, əslən Alğonlu olmuş - kəndinin üst tərəfindən keçərək Çıraq qalasına bitişir. Oradan da üzərində böyük bir şəhərin xarabası olan Ata dağından keçərək, Qonaqkəndin üstündən Baba dağına doğru gedir. Fransız rahibi Vilhelm Rubruk (XII əsr) Gilgilçay səddi haqqında yazır ki, “biz oradan (Şabrandan) keçərkən dağlardan dənizəcən enən sədd gördük”. Ərəb müəlliflərindən İbn Xordadbeh xatırladır ki, Şirvan ölkəsində hələ I Kavaddan (488-531-ci illər) əvvəl də Kaspisahili müdafiə sədləri olub. Bərmək səddindən 23 km şimala Abzud-Kavad adlanan divarlar Gilgilçay boyunca uzanıb gedir. Bunların yanında Şaporan (Şabran) şəhəri yerləşirdi. Əvvəllər Sasanilərin I Şahpurun (241- 274-cü illər) hakimiyyəti dövründə möhkəmləndirilmiş, həmin rayonlara gəlmişlər. Bu barədə Nəqşi-Rüstəm lövhələrində yazılıb: “Şahlarşahı I Şahpurun adamları və atları Alban qapılarına gəlib çatmışdı". 

Tədqiqatçı alim Əsgər Əliyev öz araşdırmalarında K.B.Treverə əsaslanaraq qeyd edir ki, Gilgilçay müdafiə səddi II Yezemgerdin (II Yezdəgird) vaxtında tikilmişdir. Bəlkə də şahənşah Perezun (459-484-cü illər) vaxtında tikilib başa çatdırılmışdır. Baba dağına qədər sədd divarlarının hündürlüyü 5-7, bəzi halda 7-11 metr, eni isə 30-35 metrə qədərdir. Bəzi tarixi mənbələrə görə, Gilgilçay səddi uzunluğuna görə məşhur Çin səddindən sonra dünyada ikincidir. Faktiki olaraq bu sədd şimaldan cənuba keçilməsi mümkün olan bütün keçidləri bağlayırdı. Bu böyük, uzun səddin mərkəzində iki böyük şəhər - qala yeri diqqəti cəlb edir. Gilgilçay səddi dörd hissədən ibarət olmuşdur. Hər 30-35 m məsafədə bürc və ya qüllə ucaldılmışdır. Səddə ən böyük bürcün hündürlüyü 4,7 m, eni isə 7,2 metrdir. Bürc və divarlar əsasən yonulmamış daşlardan tikilmişdir. Bir vaxt Bakı-Rostov şəhərlərarası şosse yolunun genişləndirilməsi ilə bağlı təəssüf ki, bu nadir abidələrin bir qismi dağılıb.

Bu tarixi abidə “Xəzər sahili mühafizə konstruksiyaları” daxilində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.