Miniatür sənəti
Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Orta Şərq miniatür sənətinin ilk nümunələri Azərbaycanın Təbriz, Marağa kimi şəhərlərində yaranıb.
Miniatür - kiçikliyi və bədii üsullarının xüsusi incəliyi ilə fərqlənən təsviri sənət əsəridir. Bu sənət əsasən kitab illüstrasiyası kimi yaranıb, elmi, tarixi və bədii əsərlərə çəkilib, xüsusilə, klassik Şərq poeziyasının bilavasitə təsiri altında inkişaf edib
Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi qədimdir. XIII əsrin əvvəllərində Əbd ül-Mömin Məhəmməd əl-Xoyinin “Vərqa və Gülşa" əlyazmasına çəkdiyi miniatürlər (Topqapı muzeyi, İstanbul) və Rəşidəddinin “Cami-ət-Təvarix” əsərinə miniatürlər (1306 və 1314, Paris, London, İstanbul) muzeylərində saxlanılır. Bu sənət əsərləri yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır.
XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatür sənəti sürətlə inkişal etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qudrətli mərkəzinə çevrilmişdi. XIV əsrin əvvəllərində Təbrizin Rəşidiyyə akademiya şəhərciyinin kitabxanasında yerli xəttat və rəssamlarla yanaşı Şərqi Türküstan, Orta Asiya və başqa Şərq ölkələrindən toplanmış sənətkarlar fəaliyyət göstərir, dini, tarixi, elmi və poetik əsərlərin bədii əlyazma nüsxələrini hazırlayır, onları miniatürlərlə bəzəyirdilər. Bu dövr əlyazmalarından Bəhtişunun “Mənafi əl-heyvan” əsərinə (1297-1298; Morqan kitabxanası, Nyu-York), Rəşidəddinin “Cami ət-təvarix” (1306-cı il nüsxəsi, Edinburq universiteti, Şotlandiya; 1314-cü il nüsxəsi, Kral Asiya Cəmiyyəti, London; 1318-ci il nüsxəsi, Topqapı muzeyi, İstanbul) əsərinin məlum nüsxələrinə çəkilmiş miniatürləri göstərmək olar. “Cami ət-Təvarix” əlyazmalarının müxləlif rəssamlar tərəfindən çəkilmiş illüstrasiyaları Azərbaycan miniatür sənətinin inkişafında xüsusi mərhələ təşkil edir.
Azərbaycan miniatür sənətinin bədii üslub xüsusiyyətləri XV əsrin əvvəllərində daha da təkmilləşir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poeması (1405-1410, “Frir” qalereyası, Vaşinqton), dahi rəssam Əbd-əl-Xayyinin Sultan Əhmədin şeirlər "Divanı"na çəkdiyi rəsmləri (1405-1410, “Frir” qalereyası, Vaşinqton) və Əssar Təbrizinin "Mehr və Müştəri" əsərinə (1419) çəkilmiş illüstrasiyalardakı üslub Təbriz məktəbinin kamilləşməsini göstərir.
XV əsrdə Təbriz məktəbinin təsiri ilə Şamaxı və Bakıda miniatür sənəti inkişaf etməyə başlayır. Bu dövrdə "Şərq poeziyası antologiyası", yaxud "Şamaxı antologiyası" (1468, Britaniya muzeyi, London), Əbdülbaqi Bakuvinin çəkdiyi tək və ikifiqurlu portretlər ("Mehtər", "İki əmir"; “Topqapı” muzeyi, İstanbul) Şamaxı və Bakı rəssamlarının ən yaxşı miniatürləri sırasına daxildir.
XV əsrin sonuna aid miniatürlər arasında Nizaminin 1482-ci il tarixli "Xəmsə" əlyazmasının illüstrasiyaları xüsusi maraq doğurur. Bu zərif nüsxə Təbrizdə Soltan Yaqub Ağqoyunlu dövrünün görkəmli xəttatı Abdul Rəhim tərəfindən köçürülmüşdür. Bu qiymətli əlyazmasının miniatürləri XV əsrin əvvəllərinə aid olan əsərlərdən xeyli fərqlənir.
XVI əsr Təbriz məktəbinin bədii üslub xüsusiyyətlərini özündə cəmləşdirən miniatürlərdən 1524-cü il tarixli "Xəmsə" (“Metropoliten-muzey”i, Nyu-York), "Şahnamə" (Şərqşünaslıq İnstitutu, Sankt-Peterburq), 1528-ci il tarixli "Cami ət-təvarix" ( M.Y.Saltıkov-Şedrin adına kitabxana, Sankt-Peterburq) əlyazmalarına çəkilmiş illüstrasiyalar diqqəti cəlb edir.
Təbriz məktəbi simasında 1530-1540-cı illərdə Şərq miniatür sənəti ən yüksək inkişaf mərhələsinə çatır. Bu dövrdə son dərəcə zərif işlənmiş 3 kiçik miniatürlü "Şah və Dərviş" (M.Y.Saltıkov-Şedrin adına kitabxana, Sankt-Peterburq), 258 miniatürlə bəzədilmiş "Şahnamə" (1537; miniatürlərin bir qismi Nyu-Yorkdakı “Metropoliten-muzey”də, qalan hissəsi Nyu-Yorkda, “Haufton” kolleksiyasındadır) və 14 ədəd nadir miniatürü ilə dünya şöhrəti qazanmış "Xəmsə" (1539-1543, Britaniya muzeyi, London) əlyazmaları zəngin bədii tərtibatı, nəfis dekorativ bəzəyinə görə Şərqdə kitab sənətinin və miniatür boyakarlığının şah əsərləri hesab edilir.
XVI əsrdə kitab öz inkişafının zirvəsinə çatdı. Səfəvilər sarayı zəngin kitabxanası, şəkilli əlyazmaları yaratmaq üzrə bədii emalatxanaları ilə görkəmli xəttatların, nəqqaşların, miniatürçü rəssamların, tərtibatçıların, cildiçilərin və digər kitab sənəti ustalarının əsas fəaliyyət mərkəzinə çevrildi. Qeyd etməliyik ki, kitab Şərqdə həmişə yüksək ictiami marağın artması ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb etmişdir. Şah İsmayılın, sonralar isə Təhmasibin hakimiyyəti dövründə şah kitabxanasında misilsiz fırça ustası Sultan Məhəmmədin ümumi rəhbərliyi altında Ağa Mirək İsfahani, Mir Müsəvir, onun oğu Mir Seyid Əli, Soltan Məhəmmədin oğlu Mirzə Əli, Dost Məhəmməd, Müzəffər əli və Başqalarından ibarət bir dəstə istedadlı rəssam, Şah Mahmud Nişapuri, Şeyx Məhəmməd və başqa xəttatlar məşhur Behzad, Qasım Əli, Şeyxzadə və başqa Herat rəssamları, dövrün tanınmış kitab ustaları fəaliyyət göstərirdilər.
XVII əsrin əvvəllərində Azərbaycan kitab tərtibatı və miniatür sənətində müəyyən durğunluq əmələ gəlir. XVIII-XIX əsrlərdə əlyazma və daş çapı kitablarına çəkilmiş miniatürlər rəsm, kompozisiya və koloritinə görə bəsit, sxematik xarakter daşıyırdı. Əvəzəli Muğanlının "Kəlilə və Dimnə" (1809), Mirzə Əliqulunun "Şahnamə" (1850), Mir Möhsün Nəvvabın "Bəhr üləzən" (1864), Nəcəfqulu Şamaxılının "Yusif və Züleyxa" (1887; AREA Əlyazmaları İnstitutu) və s. kitablara çəkdikləri illüstrasiyalar obrazlı ifadə vasitələrinə görə klassik miniatür sənətinin tənəzzülünü göstərir.
Klassik miniatür sənətinin üslub xüsusiyyətlərindən Azərbaycan təsviri sənətinin sonrakı inkişaf dövrlərində də istifadə edilir. Müasir rəssamlardan Mikayıl Abdullayev (1921-2002) klassik irslə bağlı olan bir sıra əsərlər yaradıb. Rəssam"Kitabi-Dədə Qorqud" (1962 və 1979-cu il nəşrləri) kitablarına çəkdiyi illüstrasiyaları, Bakı metropoliteninin "Nizami" stansiyasında şairin əsərlərinin motivləri əsasında mozaika lövhələrini də miniatür üslubda yaradıb. Xalq rəssamı Arif Hüseynovun (1943) “Azərbaycan nağılları”, “Novruz bayramı” ilə bağlı müniatür əsərləri çox məşhurdu. Miniatür janrında çəkən müasir rəssamlardan Altay Hacıyev, Rafis İsmayılov, Nüsrət Hacıyev, Orxan Hüseynovu göstərmək olar.
2020-ci ilin 14-19 dekabrında Parisdə (Qlobal pandemiya şəraiti ilə əlaqədar ilk dəfədir ki, virtual formatda baş tutub) UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclası keçirilib. Dekabrın 16-da Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədi müzakirə olunub və bu mədəni elementin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul edilib. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Mədəniyyət və Xarici İşlər nazirlikləri, UNESCO yanında Azərbaycan Respublikasının daimi nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.