Azərbaycan Muğamı
Muğam Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Bu söz ərəb dilində işlənən "məqam" sözündən yaranıb. "Məqam" sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas notu alətin bir pərdəsində olduğu üçün bu ad verilib. Muğam təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olub, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən xalqlara uyğun parçalanıb.
Muğam Şərqin ən qədim musiqi janrlarından olduğu üçün daima dünya musiqişünaslarının, sənətsevərlərin diqqət mərkəzində olmuşdur. Qədim və orta əsr şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilmişdir. Bu mənada muğamın bir janr kimi tədqiqatı orta əsrlərdən başlayaraq bu günə qədər aktual problem olaraq musiqişünasların araşdırdığı əsas mövzu kontekstinə daxil olmuşdur. Əl-Kindi, Əl-Münəccim, Əl-Farabi, İbn-Sina S.Urməvi, Q.Şirazi, Əl-Əmuli, Əl-Curcani, Əbdül Qadir Maraği,Şəhabəddin Əcəmi H.Farmer, K.Zaks, R.Deralanje, Kamal əl-Holan, Əhməd Əminəd-Din, Mahmud Muxtar, Məhəmməd Səlahəddin, Yusif Şauki, R.Xaliqi, Əli Naği Vəziri, M.Bərkişli, Ə.Şəbani, Rauf Yekta, Sadəddin Arel, Subhi Əzgi,İsmail Həqqi Özgan, Y.Elsner, Salih Murad Üzdilək, M.Əkrəm Karadəniz, Yalçın Tura, Murat Bardaqçı, V.Belyayev, V.Vinoqradov, Y.Hacıbəyov, M.S.İsmayılov, E.Abbasova, G.Abdullazadə, R.Məmmədova, R.Zöhrabov, İ.R.Rəcəbov, F.M.Karomatov, T.S.Vızqo, O.Matyakubov və onlarca görkəmli alimlərin ayrı-ayrı dövrlərdə muğam janrına dəfələrlə müraciət etməsi və bu sahədə elmi əsərlər yazması janrın daima aktual mövzu orbitində olmasına dəlil verir. Muğam janrı şərq xalqlarının mədəni həyatında, onların mənəvi dünyasının formalaşmasında həlledici rol oynadığı üçün bu ölkələrin musiqi salnaməsində dərin izlər buraxmışdır.
Muğamların adları əsasən ərəb və fars sözləri ilə bəzən onu yaxşı ifa edən şəxsin və həmin muğamın yarandığı yerin adı ilə adlandırırlar. «Məsələn, «Azərbaycan», «Nişapur», «Zabul», «Mavərənnəhr», «Bağdadi», «Kürdi», «Şirvani», «Qarabaği», «Qacarı», «Osmani», «Şah Xətai», «Kərkuki», «Raki-hindi» və s. Müəllif (Nəvvab Mir Möhsün Hacı Seyid Əhməd oğlu Qarabaği (1833- 1918)-İ.A.) həmçinin göstərirdi ki, bir çox muğamların adları müxtəlif təbiət hadisələri ilə də bağlıdır. Məsələn, «Rast» muğamına ona görə bu ad verilmişdir ki, səslərin əksəriyyəti əsas pərdə ilə rastlaşır. «Rast» bahar küləyinin hərəkətindən götürülmüşdür. «Rahəvi» Rəhabiyyə qəsəbəsinin adı ilə bağlıdır. Buna «Rəhab» da deyirlər. «Rəhabi» adını yağış suyunun damcılarının tökülməsinə bənzədənlər də vardır. «Çahargah»-dörd nəğmə və guşələrlə təkmilləşdiyi üçün buna Çahargah deyilir, göy guruldamasından götürülmüşdür. «Dügah»-fəvvarədən axan sudan götürüldüyü üçün hər tərəfə meyl edir. «Humayun»u quşların qanad çalmasından, «Nəva»nı aşiqlərin ürəkyandırıcı naləsindən, «Mahur»u suda üzməkdən, «Şahnaz»ı bülbüllərin aşiqanə sədasından, «Üşşaq»ı qorxaraq dəhşətlə yuvasından çıxdıqdan sonra sakit-sakit uçan quşların hərəkətindən, «Müxalif»i arının təbiətindən, «Məğlub»u şiddətli selin gəlməsindən «Üzzal»ı isə meteoritin axmasından götürmüşlər.
Klassik Şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarətdir. Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Humayun"dur.
Hal-hazırda Azərbaycanda xanəndə və sazəndələr muğamı üç hissəyə bölürlər: 1) Əsas muğamlar; 2) Kiçik həcimli muğamlar; 3) Zərbi muğamlar. Bundan başqa «Rast» ailəsinə («Mahur-hindi», «Orta Mahur», «Bayatı-Qacar», «Dügah») və «Segah»ın müxtəlif variantlarına («Zabul Segah», «Segah Zabul», «Mirzə Hüseyn Segahı», «Xaric segah» və s.) daxil olan muğamlarda vardır.
Üzeyir Hacıbəyov əsas muğam dəstgahlarının psixoloji-emosional təsirindən bəhs edərək qeyd edir ki; «Rast»-dinləyicilərdə mərdlik və gümrahlıq hissi, «Şur»-şən, lirik əhval ruhiyyə, «Segah»-məhəbbət hissi, «Şüştər»-dərin kədər, «Çahargah»-həyacan və ehtiras, «Bayatı-Şiraz»-qəmginlik, «Humayun» isə «Şüştər»ə nisbətən daha dərin bir kədər hissi oyadır».
7 noyabr 2003-cü il tarixində Azərbaycan muğamı UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi İrsinin şah əsəri elan olunmuşdur. 2008-ci il 4-8 noyabr tarixində Türkiyənin İstanbul şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 3-cü sessiyasında Azərbaycan muğamı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
Bundan sonra muğam sənətimizə diqqət və qayğı daha da artmağa başladı. Xüsusilə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun muğam sənətimizin qorunması və inkişafı ilə bağlı bir sıra uğurlu tədbirlərin həyata keçirilməsi bu sahədə böyük canlanmaya səbəb oldu. Bakıda Beynəlxalq Muğam Mərkəzi tikildi. Bu sahədəki uğurlardan danışarkən Azərbaycan muğam antologiyasının, Qarabağ xanəndələri albomunun hazırlanmasını, Azərbaycanda keçirilən beynəlxalq muğam müsabiqələri və s. misal göstərmək olar.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.