Azərbaycan Respublikasının BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO-ya üzv qəbul olmasından 30 il ötür. Azərbaycan Respublikası UNESCO-ya 1992-ci il iyunun 3-də üzv qəbul olunmuşdur. Azərbaycanın UNESCO ilə əlaqələrinin genişləndirilməsi isə, 1993-cü ilin ikinci yarısından, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra başlanmışdır.
UNESCO ilə Azərbaycan Respublikası arasındakı əlaqələr 2004-cü ildə Mehriban xanım Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri seçiləndən sonra daha sürətlə inkişaf etməyə başlamışdır. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almışdır.
Azərbaycan – UNESCO əlaqələrinin 30 illiyi ilə əlaqədar olaraq Prezident Kitabxanasında “Azərbaycan - UNESCO əlaqələri” adlı elektron layihə yenilənmişdir. İnternet istifadəçilərinə təqdim edilən bu layihə 2 versiyada – Azərbaycan və ingilis dillərindədir. İstifadəçilər layihədə UNESCO haqqında və Azərbaycan – UNESCO əlaqələrinə dair ətraflı məlumat alacaqlar. Layihə vasitəsilə istifadəçilərə bu mövzü ilə bağlı kitabların elektron variantını özündə əks etdirən elektron kitabxana da təqdim edilir. “Biblioqrafiya” bölməsində elektron resursun mövzusunu əhatə edən kitabların, məqalələrin biblioqrafik təsviri verilmişdir.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.